SAYTIMIZA XOŞ GƏLMİSİNİZ

Möminlər möminlə, müşriklərdə müşriklə evlənsin




Bir müsəlman qadının sualı:
"Uca Allahın "möminlər möminlə evlənsin, müşrik də müşriklə" ayəsini necə başa düşək? Bunu həyatımızda necə tətbiq edək? Bir çox ailələr var ki, ailə üzvlərindən biri ər və ya arvad namaz qılmır, otuc tutmur, özünü islama nisbət etsə belə, islamın əhkamlarından uzaqdır və sair. Bu halda boşanmaq lazımdır?


Cavab: Müsəlmanın qeyri-müsəlmanla evliliyi iki qismdir:

1. Müsəlmanın müşriklə evlənməsi.

2. Müsəlmanın əhli-kitabla evlənməsi.


Qısa müzakirə edəcəyimiz mövzu birinci qismdir.

İslam dinin qanun və əhkamları insanın məsləhəti üçün Allah təala tərəfindən münasib və müntəzim tərtib olunmuşdur.

İslam dinimizdə belə bir qayda vardır:
"Bir şeyə hökm verməmişdən öncə, onu təsəvvür etmək lazımdır."

Uca Allah buyurur:

وَلَا تَنْكِحُوا الْمُشْرِكَاتِ حَتَّىٰ يُؤْمِنَّ ۚ وَلَأَمَةٌ مُؤْمِنَةٌ خَيْرٌ مِنْ مُشْرِكَةٍ وَلَوْ أَعْجَبَتْكُمْ ۗ وَلَا تُنْكِحُوا الْمُشْرِكِينَ حَتَّىٰ يُؤْمِنُوا ۚ وَلَعَبْدٌ مُؤْمِنٌ خَيْرٌ مِنْ مُشْرِكٍ وَلَوْ أَعْجَبَكُمْ ۗ أُولَٰئِكَ يَدْعُونَ إِلَى النَّارِ ۖ وَاللَّهُ يَدْعُو إِلَى الْجَنَّةِ وَالْمَغْفِرَةِ بِإِذْنِهِ ۖ وَيُبَيِّنُ آيَاتِهِ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ

﴾ Müşrik qadınlar iman gətirməyincə onlarla evlənməyin. Əlbəttə, iman gətirmiş bir kəniz, sizi heyran edən müşrik bir qadından daha xeyirlidir. Müşrik kişilər iman gətirməyincə mömin qadınları onlara ərə verməyin. Əlbəttə, iman gətirmiş bir kölə, sizi heyran edən müşrik bir kişidən daha xeyirlidir. Onlar Oda çağırırlar. Allah isə Öz izni ilə Cənnətə və bağışlanmağa dəvət edir. O, Öz ayələrini insanlara bəyan edir ki, bəlkə, düşünüb ibrət alsınlar.﴿

📗 Bax: Qurani Kərim, Bəqərə surəsi, 221 ayə.


İndi ayənin təfsirinə baxaq. Uca Allah buyurur: "Müşrik qadınlar iman gətirməyincə onlarla evlənməyin."

Bu ayə, evlilikdən öncə bəhs edir, yəni ki, evlənməmişdən öncə kiminlə ailə qurmaq olar və yaxud olmaz. Bunu öyrən, bil!!

Uca Allah davamında buyurur: "Əlbəttə, iman gətirmiş bir kəniz, sizi heyran edən müşrik bir qadından daha xeyirlidir."

- "...müşrik bir qadından..." - burda hansı müşrikdən söhbət gedir, onun əlaməti nədir sualına cavabı İmam əl-Qətədə (Allah ona rəhmət etsin) dedi ki, ayədə "müşrik qadın" təfsiri: "bədəvi ərəb qadından söhbət gedir, hansına ki, heç bir kitab nazil olmamışdır". İbn Jərir (Allah ona rəhmət etsin) bu təfsirin doğru olduğunu buyurmuş.

Bizim zənn etdiyimiz "müşrik" dediyimiz insanlar, günah sahibləri, özlərini islama nisbət edir. Və bu şübhəni, maneəni onların üzərindən qaldırmaq ancaq elm əhlinə düşər. Çünki bu işi nə Uca Allah avamlara həvalə edib, nə də ki, Allah rəsulu ﷺ Quranda və yaxud səhih hədislərdə belə bir açıq ayə, hədis tapa bilmərsən ki, bu işin, yəni kimə boşanma hökmü verilsin kimə verilməsin, avamlara həvalə olunduğu deyilsin.

Ümumiyyətlə ailədə bu kimi xoşa gəlməz söhbətlər baş verəndə, alimlərə müraciət olunur. Onlara sual verilməlidir.
Misal olaraq: "Ey elm əhli! Ərim (və yaxud arvadım) namaz qılmır, böyük günahlar edir, özünü İslam dininə nisbət etsə belə, lakin dindən uzaqdır. Mənim bu vəziyyətdə halım, durumum necə olmalıdır, onunla qalım yoxsa, boşanma tələb edim?"



İndi də alimlərin cavabına baxın.

"..Sən ərinlə (və yaxud zövcənlə, yəni arvadınla) səbr edərək mülayim danış, başa sal. Onun xata olduğunu və xətərli yol üzərində olduğunu başa sal."

Fikir verin alimlər "ərinlə" (və yaxud zövcənlə) deyirlər, yəni ki, ər-arvad hələ də, bir-birinə şəriətlə bağlıdır. Ondan sonra alimlər buyurur: "... əgər o sözünü dinləməsə, dinə qayıtmasa, ondan sonra sən qaziyə müraciət edərək boşanma tələb edə bilərsən."

Fikir versəz, boşanma məsələsində alimlər, qaziyə, elm əhlinə qaytarır. Çünki onlar bu işlə təltif olunub. Məsuliyyət ağır olduğu üçün, ey avam müsəlman, özünü təhlükəyə atma!.

Alimlər nəyə görə boşansın deyirlər. Bunun ciddi səbəbi nədir?
Ailədə olan müsəlman üzvünün dinini qorunması üçün. Bəzi alimlər isə bu məsələni namaz qılıb-qılmamağa bağlayır. Səhlənkarlıqla namazı qılmayan - müsəlmandır, bu rəydə olan alimlər, boşanmaq lazım deyil və onunla yaşayaraq səbr və hikmətlə islamı öyrədib davam edirsən, buyurublar.
       Bəzi alimlər isə, namaz qılmayanın müsəlman olmadığını deyərək, onunla yaşamağı davam etməsini doğru olmadığını buyurur. Çünki onunla davamlı yaşamaq dininə xətərlidir.

İndi başa düşürsüz ki, məsələ yüngül deyil! Məsələ alimlər arasında belə ixtilaflıdır. Biz kimik ki, bu məsələyə hökm verək, kiməsə məsləhət edək ki, boşan və ya boşanma?!

Bu sualı elm əhlinə qaytarmaq lazımdır, elmi olan cavab verməlidir. Avam deyil!! Böyük alimlər belə talaq məsələsinə cavab vermirlər, qaziyə qaytarırlar. Bəzi avamların dili Allah təqvası olmadığı üçün sağa-sola fetva verməklə məşğuldur. Həsbuna Allah. (Allah bizə kifayətdir)

          ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

İkinci cavab...
Müsəlman qadının sifətlərindən:
- mülayimlik
- şəfqətlik
- səbirlik
- ədəbli
- mərhəmətlik və sair. Bu gözəl sifətlərdə olmalıdır ki, ərinə, övladlarına və onu əhatə edənlərə qarşı sözü təsirli və keçərli olsun.

Uca Allah buyurur:

فَبِمَا رَحْمَةٍ مِنَ اللَّهِ لِنْتَ لَهُمْ ۖ وَلَوْ كُنْتَ فَظًّا غَلِيظَ الْقَلْبِ لَانْفَضُّوا مِنْ حَوْلِكَ ۖ فَاعْفُ عَنْهُمْ وَاسْتَغْفِرْ لَهُمْ وَشَاوِرْهُمْ فِي الْأَمْرِ ۖ فَإِذَا عَزَمْتَ فَتَوَكَّلْ عَلَى اللَّهِ ۚ إِنَّ اللَّهَ يُحِبُّ الْمُتَوَكِّلِينَ

﴾ Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər sən kobud və daş qəlbli olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar. Sən onların günahından keç, Allahdan onların bağışlanmalarını dilə və görəcəyin işlər barədə onlarla məsləhətləş. Qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah təvəkkül edənləri sevir. ﴿

📗 Bax: Qurani Kərim, əl-İmran surəsi, 159 ayə.

          ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

Üçüncü cavab.

Ərin arvadından, arvadın ərindən boşanma tələb etməsi, ən axırıncı həldir.

Bir şeyi də unutmamaq lazımdır ki, dilinizin söylədiyi nəticəsində ailədə boşanma baş verərsə, bunun aqibətini siz həm bu dünyada, həm də ki, axirətdə daşıyacaqsınız. Ona görə də, heç vaxt bu məsələyə cavab verməyin! Elm əhlinə həvalə edin. Allah bununla onları məsuliyyətli edib, sizi deyil! Özünüzə rəhm edin! Bir çox bacılarımız, avamların elmsiz, cahillik üzündən "boşan!" demələri nəticəsində:

- Orda-burda kirayədə qalır.

- Kirayə, yemək və sair pulunu insanlardan gözləyərək, onlara möhtac olaraq, Allaha olan imanın zəifləməsinə gətirib çıxardır. Bu isə, çox ciddir səbəbdir. Hansına ki, sən ona "boşan" deməklə səbəb olmusan!

- Atasının evinə qayıdıb, əziyyət çəkənlər də, az deyil. Onlar hər gün söz eşidirlər.

- O atanın evinə - hansı ki, ata və ailəsi nə namaz qılır, nə də ki, oruc tutur. Bacı ora qayıdaraq əziyyət çəkir, söz eşidir.

- Məcbur olub ikinci, üçüncü və ya dördüncü zövcə olaraq ərə gedirlər və bir müddətdən sonra onlara yenidən talaq verilir.

- Uşaqları varsa, onların tərbiyəsi pozulur.


Ona görə də, hətta elm əhli bu kimi məsələlərə "boşan!" hökmünü tələsərək verməmişdən öncə, imkan qədər islah etməyin yollarını axtarsınlar. Ən axırda isə, hökm verməlidirlər.

          ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

Və sonda.
Ey əziz din qardaş və bacım! Bil ki, bu məsələyə hökm iki qismə bölünür.

1. Evlilikdən öncə.
2. Evlilikdən sonra.

Əgər məsələ evlilikdən öncədirsə, sənə din qardaş və bacıya məsləhət etməyin zəruridir, vacibdir.

Əgər məsələ evlilikdən sonradırsa, o zaman onun üçün dua et və ona bu məsələdə elm əhlinə qayıtmasını məsləhət et. Lakin özün qətiyyən cavab vermə. Şərr qapısına açar olma!

Bu qədər sizin bilməyiniz kifayətdir.


Uca Allah ağlımızı, dilimizi, dinimizi və  müsəlman ailələrini qorusun!
Uca Allah ailədə olan müşküllərin həll olmasına yardımçı olsun!
Müsəlman ərin ailədə sözü keçərli olsun!
Müsəlman qadının ailəsində sözü qəbul olunsun!

Bu qədər.

Əbu İbrahim Suleyman Cəlil.

1439.07.13 Cümə günü.

           ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈